Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 17 iyul 2026-cı il tarixində İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!" devizi altında məktəblilər arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib. Yarışda muxtar respublikanın şəhər və rayonlarını təmsil edən ümumilikdə 28 məktəbli iştirak edib.
Nəticələrə əsasən Sədərək rayon komandasının üzvləri Elnur Məmmədov birinci, Vedad Babayev ikinci, Nurəli Əsgərli isə üçüncü yerə sahib çıxıblar. Adıçəkilən idmançılara diplom, medal və hədiyyələr təqdim edilib.
Yarışın keçirilməsində məqsəd məktəblilər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı maarifləndirmənin gücləndirilməsi, stolüstü tennis idman növünə marağının artırılması olub.